среда, 7 апреля 2010 г.

Futboldan çıx (-)


- Salam, avara, necəsən?
- Oooh.. mənə də sorarmışlar necə olduğumu...
- Bilirsən, əslində, onsuz, halın-əhvalın adında yazılıb.
- Niyə? Mənim adım ki avara deyil...
- Hmm... Adsız cənab, söhbət eləməyə canlı varlıq tapmadım, bir az suala tutacam səni.
- Hansı sualların cavabsızdı belə..?
- Çoxdu... amma səninlə danışıb bir yazı yazmaq istəyirəm. Bilirsən, avara, futboldan yazıram. Kimə nə sual verirəm, eyni cavablar alıram. İnsanlar niyə bir-birini təkrarlayır, anlamıram.
- Bax, həyatı dərk eləmək "futbol da bir dünyadır" deyənlər üçün deyil. İnsanların bir-birini təkrarlaması isə əzəldəndi. Adəm həvvanı təkrarladı, buna görə, hər ikisi cəhənnəmə düşdü, bu arada biz - insanlar yarandıq. Təkrarlanmışlarıq biz. Anladınmı sualın cavabı hardan başlayır... elə isə cavab axtarmağa çalışma.
- De görüm, avaralıq həyatının fəlsəfəsi nədədi?
- Eeeh... Sualdakı cazibəyə bax. Sənə sadə bir şey deyəcəm. Bilirsən, problem nədədi, hər cazibəli suala aldığımız qarlı, yağışlı, bürkük, boranlı cavab... Biz cazibəyə meyl edib, boranı aşkarlamağa çalışan varlığıq. Bu qədər qəliz, qəddar varlıq məlumdumu sənə..?
- Dostum, səninlə söhbətim alınar. Yazıma mövzu ver: bax, bu qədər pul! Amma pulsuzluq da olub. Futbol oynayırlar. Pulsuz vaxtlarında da, indi də. Sən də avara; futbola baxmaqdan, "stavka"dan başqa, əlindən yalnız daha çox avaraçılıq gəlir.
- Sən məndən ağıllı cavablar gözləyirsən deyəsən.. Əzizim, mənimçün futbol Erik Kantona idi: orta barmağını stadiona nəyə görə toplaşdığını dərk eləməyən insanlara göstərməklə ən layiqli jest... Bizim futbolda o barmaq altdan, üstən, sağdan, soldan göstərilir. Hər an, hər dəqiqə. Görünən barmaq Ramin Musayev də ola bilər, Tahir Süleymanov da, Ağasəlim Mircavadov da... Görünən barmağa nə bələdçi, sən yumulan digər barmaqları görsən... Beş manat üçün dalını-qabağını düşünməyən aclafkimilər fəsiləsini süpürüb atmaq bu avara canımın bir nömrəli görəvidi...
- Elə ona görə bu günə düşmüsən.
- Sən hardan biləsən nə demək istəyirəm mən, ay rəzil bəndə. Həyatdan saysız sual verərsən, amma desəm ki, həyat hər bir hərfi yaşamaq qədər qəlizdi - bunu anlayanda Raskolnikovun qaldırdığı, amma 14 səhifədə vura bilmədiyi baltanı birinci səhifədəcə alnına çırparsan... Mən incə və qalın samiti yaşamağı, cingiltili samitdən karına yetməyi...
- Hara getdin?! Dayan bir, futboldan danışıram ee...
- Onda orta barmaq qüvvəsindədi. Biz bir xalq kimi, qövm, millət, icma kimi insansızlığın zirvəsindəyik. Sən düşünə bilərsən ki, burda futboldan yazan, danışan jurnalisti, onun prezidenti, vitse-prezidenti, icraçı direktoru, mətbuat katibi - hamısı o zirvəyə can atır... Haqlısan, buyur, düşün, heç olmasa düşünməklə var olduğunu hiss et. Onlar düşünmürlər, onlar 400 qramlıq topla mövcüd olan futbolun 400 qramdan az qanla təchiz olunan cəsəddilər. Ölülər futbol oynayır - necədi, gözəl səslənir? Bu da sənə cazibə. Boranı gözlə...
- Bəyəm kantonalar bütün futbolu sarsa, fikrin dəyişər bu haqda?
- Kantonanın orta barmağı və onu hamıya göstərməyi bacaran xasiyyət həmişə lazımdı. Bu gün hara addım atırsan, orta barmağı görməyə can atanlarla rastlaşırsan, hətta müvafiq nahiyyələrinə soxmaq üçün əlindən gələni eləyənlər... Onlar bilməlidi ki, cızıqdan nə qədər çıxıblar. Məsələn, Böyükağa Haciyev az jurnalistə söz verib, sonra ona "atıb"?... Ya Tahir Süleymanov, ya Ramin Musayev, Elxan Məmmədov... Al-ver dünyasıdı, əzizim, zövqlər də alınıb-satılır. Torpaq altında çürüyən insan bədəni - onların yorğanında çürüyən jurnalist bədəninin üfunəti... Hansısa jurnalist günün birində hansısa klubun mətbuat xidmətində axırıncı yolla işə düzəlir, səhəri gün yuxudan duran kimi, rəhbərinə, "Nə yazırlar yazsınlar, fikir vermə!"- deyib, orta barmağa layiq olduğunu sübut eləmirmi...
- Düzələcək?
- Yox, əyiləcək. Mən hardan bilim? Get AzTv-dən soruş. O gün biri yoldan keçəndə yaxınlaşıb ovucuma qəpik qoymaq istəyirdi. Səbəbini soruşuram, deyir, dilənçi deyilsən, götür də, hələ şükür elə ki... Dedim, sənin hər zaman bu qəpiyə ehtiyacın ola bilər, amma mənim yox. Çünki sən bu ölkədə işçisən, mən isə işləmirəm.
- Hardandı səndə bu cəsarət? Bu qədər sərt danışırsan, lap heyranam sənə...
- Elə ona görə də... Ona görə ki, avarayam!

Комментариев нет: