понедельник, 15 февраля 2010 г.

60-cı maddəyə "tost"


Avro-2012-nin təsnifatında Azərbaycanın Almaniya və Türkiyə ilə eyni qrupa düşməsi bizim futbol aləmində necə rezonans doğurdu- bu haqda köşə yazacaqdım və deyəcəkdim ki, ən dərin rezonans idman dükanlarında olub: Türkiyə və Almaniya yığmalarının futbolkaları indi 25% daha baha satılır. Amma alverin nə fərqi, gəlin sizə daha maraqlı bir məsələdən danışım. Qəzeti altınıza qoymazdan, pendirə bükməzdən əvvəl açıb oxusaz, görərsiz ki, bu ölkədə qara camaatın acından quruldayan qarnının səsini hökümətə eşitdirən mətbuat da belə çezdirildi. ...Səs xoşa gəlmirdi, heç getmirdi də.

Parlamentin dünən keçirilən iclasında KİV haqqında qanunun 60-cı maddəsinə dəyişikliklə söz azadlığının da "fatihəsi" verildi. Təbirklər! İrəliləyiş var! Deməli, bundan sonra şəxsin xəbəri olmasa və ya etiraz eləsə, onu izləmək, video, foto çəkilişi, səsinin yazılması qadağandı. Çoxdan idi ki, Təhsil Haqqında qanunu qəbul eləməyə gücənən parlament KİV qanununa soxmaq istədiyi "barmağı" imkan eləyib dibinə qədər yeritdi...

Sonra da deyirlər ki, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanı dünyada ən bərbad ölkələr sırasına salınması bizə qarşı qərəzdi. Onsuz da qəşəng çıxış yolu tapmışdız da, day mətbuatı açıq-aşkar niyə boğursuz ki..? Belə bir işə qol qoyan deputatın səsverəninə də bir quş...

İnandırıcı deyil ki, sabah camaat küçələrdə toplaşıb hökümətə bu antidemokratik qərara görə etiraz edəcək, qəzetlər fəaliyyətini dayandırmaqla boykota başlayacaq, TV-lər də həmçinin. Ona görə də xımır-xımır alverimizi edək, futbolumuzu oynayaq, maşınımızın, hətta çömçə-qaşığımızın kreditini fikirləşək. İmkan olanda da yazaq...

Qıraqdan baxanda əntiqə qərardı: günün birində, götürək elə Vüsal Əliyevi, yenidən "stavka" yazan yerdə görsəm, onun bu yerdə fotosunu çəkib qəzetə verməyə tələsməməliyəm. Əvvəlcə, yaxınlaşıb deməliyəm ki, Vüsal bəy, üzr istəyirəm, siz hakimsiz, "stavka" yazmağınız qanunla qadağandı, amma Allah canınızı sağ eləsin, öz ayaqlarınızla gəlmisiniz bura qədər, bu mənimçün əla imkandı, indicə sizin şəklinizi çəkib verəcəm qəzetə. Altından da yazacam ki, "Vüsal Əliyev hakimdi, yoxsa "qumarbaz"?!". Bu əsl sensasiya olar! İmkan verin, işimizi görək. Bir az uyğun səmtdə dayanın ki, fotoda tam düşəsiz.

Ya da hansısa klub rəhbəri, ya AFFA vəzifəlisi mənə rüşvət təklif elədi, mən də bu məqamda qayıtdım ona ki, qardaşım, pardon, az əvvəl dediklərini təkrar edə bilərsənmi, KİV haqqında qanuna edilən dəyişikliyə görə, yalnız sənin icazənlə, mən bunları diktofona yazmalıyam ki, səni qəzetdə ifşa edim.

Nədi, gülməlidi? "Belə şey ola bilməz, mümkün deyil"- deyirsiz? Hə vallah, belədi. Bu qanuna edilən dəyişikliyin el diliylə izahı ən yaxşı halda bu cürdü. İndi özünüz deyin, belə əbləh parlamentin, səbatsız dövlətin "Futbolun inkişafına dair Dövlət Proqramı"nın xeyirini gözləməyə dəyər? Guya heç xəbərimiz yoxdu da bu ölkədə futbol klubu saxlamaq üçün oliqarxlar "tavana otuzdurulub"...

Sən alverçi olsan da, lap yaxşı bilirsən ki, bu ölkədə bir həftəyə demokratik, müasir düşüncəli insanları, iqtisadiyyatı şəffaf bir ölkə bərpa etmək olar, elə mənasız proqramlara da ehtiyac qalmaz, hər iş öz normasında, qaydasında gedər. Amma bilsən də, etiraz eləməzsən. Səsini də çıxarmazsan. Çünki rüşvət verib, müştərini çəkidə aldadıb dolanırsan da yavaş-yavaş. Uşaqlarına pulla attestat alıb, pulla hazırlaşdırıb, universitetdə də pulla diplom alıb, pulla işə qoyub, puluna görə qızını ərə verib, oğluna qız alıb artıb-törəyəcəksən. O törəmələrindən biri futbolçu, biri məşqçi, biri hakim, biri Hakimlər Komitəsinin sədri, biri PFL-in prezidenti, digəri də AFFA-nın prezidenti olacaq. Bəyəm sizə proqram lazımdı, tikin-çevirin də bu ölkəni...

Hər topun bir siyasəti olar, amma vallah, belə əxlaqsızlıq olmaz! Mətbuat hadisəni insanlara çatdırmaq üçün fakt toplamalıdı. Əgər şəxsin özündən icazə alıb ondan sorğu, foto, video çəkiliş edəcəksə, səsini yazacaqsa, onda o, jurnalist yox, inşa yazan, ya da şair olar. Jurnalistika belə sərhədlərlə ölçülmür. Deyək ki, 60-cı maddəni pis günə qoyan Əli Həsənov haqlıdı, məqsəd "reket jurnalistikasının" qarşısını almaqdı. Amma bu cür vasitə gülməli çıxır. Bununçün konstitusiya- qanun var! KİV qanununu belə günə qoymaq olmaz! Amma oldu...

Комментариев нет: